Zəhərli zob nədir? Müalicəsi varmı?..
Zəhərli zob qalxanabənzər vəzin normadan artıq çalışmasına bağlı olaraq onun hormonlarının çoxlu miqdara sintezi və qana ifrazı ilə xarakterizə olunur. Bəzi hallarda vəzin funksional aktivliyi onun ölçülərinin diffuz böyüməsi ilə birgə rast gəlinir (diffuz-toksiki ur).
Zəhərli zob qalxanvari vəzin bir çox xəstəliyi zamanı aşkarlana bilər:
- Qreyvs xəstəliyi;
- Haşimoto tireoiditi;
- Toksik adenoma;
- Plummer xəstəliyi (çoxdüyünlü toksiki ur);
- Sekundar (ikincili) hipertireoidizm və s.
Zəhərli zobun əlamətləri
Zəhərli zobun simptomları aşağıdakılardır:
- Titrəmə (tremor). Daha çox barmaqlarda müşahidə olunur. Xəstə əlləri ilə hər hansı bir iş görərkən bu simptomu hiss edə bilər. Bəzi nevroloji xəstəliklər zamanı da bu cür titrəmələr qeyd oluna bilər.
- Yuxu pozğunluğu. Zəhərli zob xəstələrinin əksər faizi yuxunun pozulmasından şikayət edir.
- İstiyə dözümsüzlük. Pasiyentlər adətən yun tərkibli geyimlərdən imtina edirlər, isti mühitdə nəfəs darlığından şikayət edirlər.
- Tərləmə. Tərləmələr adətən qəflətən baş verir. Xəstənin dərisi nəm, soyuq olur.
- Yorğunluq və ümumi halsızlıq. Xəstələr tez yorulduqlarını və gün ərzində halsız olduqlarını qeyd edirlər.
- Ürək döyüntülərinin sayının artması. Qalxanvari vəzin hormonlarının təsiri nəticəsində qanda oksigenin səviyyəsi azalır, buna görə də orqanizm oksigen aclığına məruz qalır. Daxili orqanları oksigenlə yetərli dərəcədə təmin etmək məqsədi ilə ürək qanı damarlara daha sürətlə qovmağa məcbur olur.
- Həyacan və əsəb gərginliyi. Zəhərli zobdan əziyyət çəkən pasiyentlər heç bir səbəb olmadan ağladıqlarını, depressiyaya düşdüklərini qeyd edirlər.
- İştahın artması və buna baxmayaraq bədən çəkisinin azalması. Toksiki ur zamanı xəstə daima aclıq hiss edir. Çəki itkisi piylərin sürətlə parçalanması ilə əlaqədardır.
- İshal bağırsaq peristaltikasının sürətlənməsi və öd ifrazının artması ilə əlaqədardır.
- Göz əlamətləri və ekzoftalm (gözlərin önə doğru çaxması). Zəhərli urdan əziyyət çəkən xəstələrin bir qismində gözlərdə bərəlmə, göz bəbəklərinin genişlənməsi, parıltılıqın artması müşahidə oluna bilər. Tiroid hormonlarının artıqlığı üst göz qapağını açan əzələləri qıcıqlandıraraq gözün normadan artıq açıq olmasına gətirib çıxarır. Əksər hallarda ekzoftalm diffuz-toksiki ur (Qreyvs xəstəliyi) zamanı müşahidə olunsa da, autoimmun tireoidit (Haşimoto) və vəzin digər xəstəlikləri ilə birlikdə də rast gəlinə bilər. Adətən ikitərəfli ekzoftalm müşahidə olunur.
- Saç tökülməsi. Saçların tökülməsi daha çox hipotireoz (qalxanabənzər vəzin hipofunksiyası) zamanı rast gəlinsə də, bəzi hipertireozlu xəstələr də bu simptomu özündə müşahidə edə bilər. Xəstələrin saçları yumşaq və incə olur, çox asanlıqla tökülür.
- Qadınlarda menstrual tsiklin pozulması, kişilərdə cinsi istəyin azalması. Bəzi kişilərdə estrogen artışına bağlı ginekomastiya (süd vəzilərinin böyüməsi) yarana bilər.
Zəhərli zob diaqnozu necə qoyulur?
Sözsüz ki, zəhərli zob diaqnozunu həkim-endokrinoloq təsdiqləməlidir. Bunun üçün qanda tiroid hormonlarını (free T3 və free T4) və hipofiz tərəfindən ifraz olunan TSH hormonunu yoxlamaq kifayətdir. Diaqnoz təsdiqlənəndən sonra toksiki zobun səbəbi araşdırılmalıdır (bunun üçün əlavə müayinələrə ehtiyac yarana bilər, misal üçün USM, qanda anti-TPO, anti-TQ, anti-rTSH baxılması, ssintiqrafiya və s.) və pasiyentə endokrinoloq tərəfindən adekvat müalicə sxemi tərtib olunmalıdır.
Zəhərli zob necə müalicə olunur?
Bu günkü günümüzdə zəhərli zobun 3 əsas müalicə metodu mövcuddur:
- Dərman müalicəsi. Dərman müalicəsi tireostatik preparatlarla aparılır, müvəqqəti xarakter daşayır. 15-20% hallarda uzun müddətli effekt alma imkanı yaradır. Dərman preparatları ilə zəhərli zobun müalicəsi 2 ildən artıq olmamalıdır. Zaman artdıqca qaraciyərin və digər orqanlarının tireostatik dərman preparatları təsiri nəticəsində zədələnmə riski yüksəlir.
- Cərrahi müalicə. Zəhərli zobun müalicəsində cərrahi müdaxilə metodu da geniş istifadə olunur. Xüsusən böyük ölçülü urlarda, döş arxası ur və dərman müalicəsi ilə aradan qalxmayan ur zamanı istifadəsi məqsədəuyğundur. Lakin unutmamaq lazımdır ki, cərrahi müalicə metodunun öz riskləri və ağırlaşmaları mümkündür (səs sinirinin zədələnməsi, boğazda estetik qüsurun yaranması, paratireoid vəzilərin zədələnməsi və s.).
- Radioaktiv yod (I131) müalicəsi. Radioaktiv yod müalicəsi qeyri-invaziv üsul olaraq vəzin funsional aktivliyini normaya salmağa imkan yaradır. Radioyod terapiyası düyünlü urlarda da (toksik adenoma, çoxdüyünlü toksiki ur) geniş istifadə olunur. I131 ilə müalicənin nəticəsində hipotireoz (funksional çatışmazlıq) yarana bilər. Hamiləlik planlayan, hamilə və laktasiya dövründə olan qadınlara əks göstərişdir.
Sonda qeyd etmək istərdim ki, zahərli zobu vaxtında aşkarlayaraq və düzgün müalicə taktikası seçərək bu problemdən qurtulmaq mümkündür. Bunun üçün vaxt itirmədən ixtisaslaşmış endokrinoloqa müraciət etməniz kifayərdir. Sağlam olun!
Ayna xanım, ətraflı məlumata görə təşəkkür edirəm. Əgər hormonlar normadadırsa, amma xoşxassəli düyün mütəmadi olaraq böyüməkdə davam edirsə bu böyümənin səbəblərini araşdırıb tapmaqda müasir tibbimiz hələ də gücsüzdürmü?
Fatimə xanım, əgər xoşxasəlli düyün əhəmiyyətli dərəcədə böyüməyə davam edərsə xəstə təkrar NİAB (biopsiya) müayinəsinə göndərilməlidir. Nəticə yenə xoşxassəli gələrsə pasiyent təkrar dinamik müşahidədə saxlanılır (təbii ki, düyünün ölçüləri həddindən artıq böyük olmadığı halda).
Ayna xanım zəhərli zob düyünlüdü yoxsa düyünsüz
Hər iki variant ola bilər.
Əlbəttə.Çünki tibb elmi dəqiq elm deyil,səbəbi yox nəticəni aradan qaldırmaqla məşğuldur.
Halbuki sağalmayan xəstəlik yoxdur ! Bu birmənalıdır.
Zob da tam sağalır. Ə.Əzimzadənin ” Möcüzəsiz möcüzə ” kitabı olan olkədə həkimə ehtiyac yoxdur.
Nişi metodu + soğan suyu xəstəlik tam keçir.
Salam men zeherli zobdan eziyyet cekirem menim bogazimda ur var duyulerde var mualice edirem helede axrilarim olur.hekim bilmirem xestiy deyib yoxsam zobun elametidi qizdiriram yemek yemek istemirem .birde bogazim agriyir
Zəhərli zobu yalnız əməliyyat etmək lazımdı.Müalicə ilə sağalmır.((Allah şəfa versin
Yalnış fikirdir, Xədicə xanım.
Salam neçə yaşda əməliyyat olunur
Salam. Neçə yaşda ehtiyac varsa, o yaşda da olunur (əks göstəriş yoxdursa).
Bədənimdə alergiyalar olur bəzən,qasinir,deyirlər zəhərli zobum var,nə dərəcədə dogru fikirdir?
Mütləq deyil.
Salam. Həkim, mən zobdan əməliyyat olmuşam. Qalan vəz düyünlü ,zəhərli olub. Haşemoto zobu. T4 yüksəkdir. TSH normadadı. Arada boğazımda ,sol tərəfində ağrı olur. Çox xahiş edirəm, cavab verin. Əvvəldən təşəkkür edirəm.
Salam, Rəqibə xanım. Sizin endokrinoloqun əyani konsultasiuasına ehtiyacınız var.
Salam Həkim men ürek agrisi ilə həkime getdim TSH 5.7 oldu sef etmremse hekim dedi zeherli zobdu qanda ama bogazmda hec bi duyn falan yoxdu USM oldm..başka hekime yonlendrdi ama o dedi 5.7 qorxulu deil adi vitamin d yazdu..sizce bu ne derece duzgundur ? TSH 5.7 normaldrmi ..sadalanan butun seyler var mende sadece ur yoxdu…
Salam, Lamiyə xanım. Zəhərli zoblu xəstədə TSH 5,7 olmur, səhv anlamısınız. Adekvat müalicə sxeminin tətbiqi yalnız xəstəyə baxış keçirdikdən və bəzi məqamları dəqiqləşdirdikdən sonra mümkündür.
Salam ayna xanım menim zeherli zopum var ve 2 il dərman il
ə mualicə oldum ancaq zopun dozası düşmək bilmədi nağarmalıyam?
Salam, Zəhra xanım. Qəbula yazılmaq üçün əlaqə saxlayın: 050-4558017.
Salam. Qreyvs xəstəliyinin müalicəsi zamanı qidalanmaya nəzarət olu malıdır? Nəyi yemək olar nəyi olmaz?
Salam, Cəmilə xanım. Bəli, kompensator eutireoz əldə olunana kimi qida qəbulunda bəzi məhdudiyyərlər ola bilər (misal üçün, yod tərkibli qidaların qəbulunu məhdudlaşdırmaq məsləhətdir).
Salam həkim,mənim atam da burda qeyd olunnan hallar var amma əsmə barmaqda deyil qolda var.Yeni qolunda əsmə musahide olunur digər hallarda yuxarida qeyd olunan atam da var.Yeni bu da zəhərli zob ola bilərmi?
Salam, Ləman xanım. Dəqiqləşdirmək üçün bəzi müayinələrə və pasiyent baxışına ehtiyac var. Buyurub yaxınlaşa bilərsininz: 050-455 80 17.
Ayna xanım burda qeyd olunanlar mənim Anamda var bir dəfə əməliyyat olub indidə zəhərli zob yenə aşar olub müalicə efekt vermir boğulma təziq qalxır bunun üçün nə etməlidir
Salam, Nazilə xanım. Təəssüf ki, qalxanvari vəzin hər iki payı tam götürülmədikdə xəstəliyin residiv vermə ehtimalı var. Əlinizdəki müayinə və müalicə protokolları ilə yaxınlaşın, düzgün yola istiqamətləndirərik.
Salam hekim, menim qan alazinde TSH 0,02 gösterir, 1 ay THYROMAZOL içmeyimi söylediler.Bu zeherli zobmu sayılır, yoxsa uzi de etdirmeliyemmi?
Salam, Sevinc xanım. Bəli, lakin vəziyyətə aydınlıq gətirmək üçün şikayətləriniz və digər laborator göstəricolərə ehtiyac var.
Salam Zob xesteliyi zamani bogazda qasinti bedende qawinti olur??
Salam. Xeyr.
Salam mende nece ildi zobdan eziyyet cekirem nece duyundu uzide ciddi bir sey cixmadi Amma 2defedi biopsiya dediler edin cunki olcusu heddinden artiq boyukdu son zamanlar cox agridir bogazim sol teref bu zobdan ola biler
Salam, Ayan xanım. Müayinələrin nəticələri ilə yaxınlaşın, dəqiqləşdirək.
Salam doktor məndə hesimoto diaqnozu qoyuldu müalicə aldım 5 ay öncə hal hazırda üzümdə allergiya tipli sepkiler yaranıb 1 həftə olar ondan ola bilərmi?5 ay öncəki analiz cavabları ile yanınıza gelsem olar yoxsa yeni olmalıdı?
Salam, Təranə xanım. Ola bilər, hər hansı bir dərman preparatına qarşı reaksiya da ola bilər. Siz köhnə analizlərin nəticələri ilə yaxınlaşın, vəziyyəti tam qiymətləndirək. Qəbula yazılmaq üçün: 050-455 80 17.
Salam. Zəhərli zob olduqda TSH nə qeder olur?
Salam. Alt referans gostəricisindən aşağı (0,4-dən aşağı adətən).