Yaşlılarda və körpələrdə hipotireozun gedişatı
Qalxanabənzər vəzinin hipofunksiyası nəticəsində orqanizmdə mübadilə prosesləri pozulur, funksional və morfoloji dəyişikliklər baş verir. Bu dəyişikliklər bir-birilə əlaqədardır. Əvvəlcə mübadilə prosesləri pozulur, onun ardınca funksional dəyişikliklər meydana çıxır, sonra isə morfoloji dəyişikliklər əmələ gəlir.
Anadangəlmə hipotireoz nədir?
Anadangəlmə hipotireozun nəticələri xüsusilə ağır olur. Xəstəlik uşaqların boy inkişafının ləngiməsinə və ağıl zəifliyinə səbəb olur. Borulu sümüklərin inkişafı daha çox ləngidiyinə görə, xəstənin bədən quruluşu qeyri-mütənasib olur.
Xəstəliyin bu formasına kretinizm deyilir. Kretinlər hipofizar mənşəli cırtdanlardan sifətlərinin xarakterik görünüşünə və bədən quruluşuna görə fərqlənirlər. Kretinizm zamanı başqa endokrin vəzilərinin funksiyaları da pozulur. Buna görə kretinlərdə cinsiyyət vəziləri inkişafdan qalır, amenoreya, oliqospermiya, azospermiya olur. Bu dəyişikliklərin qarşısını almaq üçün xəstəyə fərdi həyatın ilk günlərindən etibarən tireoid hormonları təyin edilməlidir.
Yaşlılarda hipotireoz
Yaşlı adamlarda hipotireozun ağır formaları miksedema (selikli ödem) xəstəliyi adlanır. Xəstəliyin adı dəridə və selikli qişalarda olan dəyişikliklərlə əlaqədardır. Dəridə və selikli qişalarda mukopolisaxaridlər (hialuron və xondroitin-sulfat turşuları) toplanır. Mukopolisaxaridlərin hidrofilliyi sayəsində dərialtı təbəqələrdə selikli ödem əmələ gəlir.
Hipotireoz orqanizmdə oksidləşmə proseslərinin sürəti azalır və əsas mübadilə zəifləyir. Buna görə xəstənin bədən temperaturu aşağı olur. Adətən xəstə soyuğa çətinliklə dözür. Xəstənin qaraciyərində fosforilaza fermentinin aktivliyi azalır. Buna görə qlikogenoliz prosesi zəifləyir və qaraciyər hüceyrələrində çoxlu miqdarda qlikogen toplanır. Heksoginaza fermentinin aktivliyi azaldığına görə, qlükoza bağırsaqlardan zəif sürətlə sorulur. Xəstənin qaraciyərində və böyrəküstü vəzilərində xolesterinin oksidləşmə sürəti də azalır və o, orqanizmdən zəif sürətlə xaric olur. Eyni zamanda xəstə orqanizmdə zülalların sintezi azalır, aminturşuların katabolizmi sürətlənir.
Miksedema sinir sisteminin və başqa funksional sistemlərin funksiyalarının pozulmasına səbəb olur. Adətən, xəstələr az hərəkət edir, az danıışır və asanlıqla yorulurlar. Onlarda görmə və eşitmə hissi zəifləyir, baş ağrıları, qaşınma, yuxuculluq olur. Kiçik yaşlı pasiyentlərdə zob xəstəliyi hipotireozla birgə nadir hallarda aşkar edilir. Beyinciyin, uzunsov beynin və onurğa beyninin fəaliyyəti pozulur, əzələ qüvvəsi azalır.
Ürək-damar sisteminin fəaliyyətində bradikardiya və arterial hipotoniya müşahidə edilir. Buna görə dəridə sianoz olur. Hiperxolesterinemiya aterosklerozun inkişafını sürətləndirir. Tənəffüs orqanlarının selikli qişalarında olan şişkinlik qaz mübadiləsinin zəifləməsi ilə nəticələnir. Qırtlaqda ödem əmələ gəldiyinə görə xəstənin səsi xırıltılı olur.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz