Şəkərli diabetin diaqnostikasında vacib olan göstəricilər
Keçmişdə şəkərli diabet xəstəliyinin diaqnostikası sidikdə qlükozanın aşkarlanmasına əsaslanırdı. Hal-hazırda bu göstərici heç bir diaqnostik əhəmiyyət kəsb etmir.
Bu günkü günümüzdə şəkərli diabetin diaqnostikası məqsədilə acqarına qanda qlükozanın səviyyəsinin təyini və oral qlükoza tolerantlıq testi (OQTT) istifadə olunur. Diaqnostika məqsədilə qlükozanın ölçülməsi mütləq venoz qanın plazmasından aparılmalıdır. Xəstələrin özünənəzarət üçün nəzərdə tutulmuş “şəkər ölçmə aparatları” (qlükometrlər) bu məqsəd üçün yararsızdır. Qlükometrlər kapillyar qanda qlükozanın səviyyəsini əks etdirir, hansı ki, venoz qanın plazmasında ölçülən qlükozanın səviyyəsindən təqribən 10-11% aşağıdır.
Diaqnostika zamanı pasiyent 8-12 saat ərzində ac qalmalıdır. 126 mq/dl (7,0 mmol/l) və ondan yüksək olan nəticələr şəkərli diabet xəstəliyi üçün xarakterdir. Əgər pasiyentdə bu xəstəliyə xas olan əsas simptomlar qeyd olunursa (ağızda quruluq, sidik ifrazının tezləşməsi, susuzluq, kəskin arıqlama və s.), diaqnoz əldə olunan bir nəticə ilə qoyula bilər. Əks halda təkrar yoxlamalara, OQTT-ə və qanda qlikolizə olunmuş hemoqlobinin (HbA1c) təyininə ehtiyac yarana bilər.
Şəkərli diabetin diaqnostikası və müalicəsi ilə həkim-endokrinoloqlar məşğul olur. Xəstə düzgün özünənəzarət təlimi alarsa və qlikemiyanın səviyyəsini kontrolda saxlaya bilərsə, şəkərli diabetin ağırlaşmalarının yaranmasının qarşısı alınar və xəstənin həyat keyfiyyəti digər insanlardakından fərqlənməz.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz