Qalxanabənzər vəzinin əsas sindromları – hipotireoz və hipertireoz
Qalxanabənzər vəzinin xəstəlikləri adətən onun funksiyalarının pozulması şəraitində keçdiyi halda, bəzən isə funksional pozuntularsız keçir. Birinci halda xəstəliyin klinik mənzərəsində ümumi hadisələr üstünlük təşkil edir, bunlar ön plana çıxır və ya uzaq orqanlarda da dəyişikliklər törəyir, ikinci halda isə – yerli dəyişikliklər üstünlük təşkil edir.
Qalxanabənzər vəzinin xəstəlikləri aydın şəkildə baş verdiyi hallar az olur. İstər yerli və istərsə də ümumi simptomlar xəstənin gözünə çarpmadan tədricən inkişaf edir. Buna görə xəstələr anamnez toplarkən nə vaxt xəstələndiklərini dürüst şəkildə bildirməyə çətinlik çəkirlər.
Bir sıra hallarda tireotoksikozla və ya hipotireozla xarakterizə olunan xəstəliklərin ilk simptomlarını xəstənin qohumları, dostları və ya onun iş yoldaşları qeyd edir. Bəzən də xəstələr xeyli inkişaf etmiş simptomları təsadüfü olaraq özləri qeyd edir və ya bunlara əhəmiyyət verməli olur (məsələn, köynəklərinin yaxalıqlarının adi haldakından bir neçə nömrə böyüdüyünü birdən hiss etdikdə).
Bəzən də xəstələnmələrinin prodromal ya erkən simptomları zəiflik, tərləmə, yuxuculluq və s. fizioloji hal kimi yozulur, xəstəlik çox az vaxt qəfildən başlayır (məsələn: kəskin və yarımkəskin tireoiditlər). Xəstəni sorğularkən, bəzən xəstəliyin başlanğıcı psixiki zədə, infeksion xəstəlik və hamiləlik kimi momentlərlə əlaqələndirilir.
Bəzən bunlar doğrudan da etioloji amillər rolunu oynayır, məsələn, tireotoksikoz zamanı. Bəzən isə bunlar yalnız xəstəliyin inkişaf etməsini tezləşdirir və ya onların kəskin şəkildə üzə çıxmasına kömək edir. Buna görə də anamnez toplarkən belə məlumatlara qarşı tənqidi münasibət bəsləməli və deyilən vəziyyətlərin həqiqətən etioloji amil ola biləcəyini aydın etməyə çalışmaq lazımdır.
Vəzinin xəstəliklərinin çoxusu habelə, sinir sistemində və psixikada baş verən dəyişikliklərlə keçir. Məsələn, tireotoksikozlu xəstələr psixikanın dəyişkənliyi ilə fərqlənirlər. Bu xəstəliyin tipik hallarında xəstələr hirslənmiş, gərgin təfəkkürü sürətli axımla gedir, çox hərəkətli olurlar, vurnuxurlar.
Bunun əksinə olaraq, hipotireoz zamanı xəstələrdə psixiki ətalət (bradipsixizm) qeyd olunur. Belə xəstələrdə təfəkkür ləng keçir, yaddaş zəifləyir, onlar təşəbbüskarlığını itirirlər, az hərəkət edir, süst və apatik olurlar.
Hipotireoidizmdə yuxarıdakı cəhətlərlə bərabər, bəzi ümumi hadisələr də (tez yorulma, fəallığın tezliklə tükənməsi, əmək qabiliyyətinin azalması və xəstələrin tam “aciz adamlar” halına düşmələri) müşahidə etmək olur.
Digər cəhətdən spesifik müalicənin (məsələn: tireotokskikoz zamanı tireostatik dərmanların, hipotireoz isə – tireoid preparatların qəbul edilməsinin) əlverişli təsir göstərməsi qeyd edilir.
Tireotoksikozlu və hipotireozlu xəstələr baş ağrısından çox şikayət edirlər, bəzən bu ağrılar daimi və sürətli xarakter daşıyır.
Qalxanabənzər vəzinin xəstəliklərində adinamiya çox vaxt daimi kimi meydana çıxır. Tireotoksikozlu xəstələrdə ümumi qüvvəsinin, xüsusilə aşağı ətraf əzələlərinin zəifləməsi sabit əlamət sayılır (çömbəlib oturmuş xəstə ayağa qalxması üçün çox çətinlik çəkir, pilləkənləri çətinliklə qalxır).
Belə xəstələrdə qan dövranında törəyən pozuntular xəstələrin qeyd etdikləri erkən və çox əziyyətli əlamətlərdən biridir. Taxikardiya ilə bərabər xəstələr başında, qarınüstü nahiyədə, yuxarı və aşağı ətraflarda nəbzvurma duyurlar.
Xəstələr həyacanlıqda və fiziki gərginlik keçirdikdə ürək döyünməsi xüsusilə güclənir. Hipotireoz zamanı da ürək nahiyəsində ağırlıq və ağrılar duyulur.
Qalxanabənzər vəzinin xəstəliklərində həzm pozuntuları müəyyən şəkildə baş verə biləcəyinə görə anamnez toplarkən bağırsaqların funksiyasına aid bəzi təfərrüatı aydınlaşdırmağa çalışılmalıdır. Tireotoksikoz zamanı adətən ishal baş verir və bəzən çox güclü və inadla davam edir, həm də dispeptik hadisələr (qusma, ishal) xəstənin halında daha əvvəl meydana çıxır. Qusma xəstələrin halını yüngülləşdirir.
Qalxanabənzər vəzinin xəstəliklərində xəstələrin iştahasının nə vəziyyətdə olması öyrənilməlidir və bunun nəticələri onun ümumi vəziyyəti ilə tutuşdurulmalıdır. Hipertireoz və tireotoksikoz çox vaxt xəstələr yaxşı qidalanırlar, lakin tezliklə yenə aclıq duyurlar və bolluca yedikdən sonra belə onlar kökəlmirlər, əksinə olaraq çəkilərini artıq dərəcədə itirirlər.
Hipotireoz zamanı isə əks vəziyyət qeyd edilir: onların iştahı pis olur, çünki yedikdən sonra mədələrində ağırlıq duyurlar, xəstələr bəzən çəkisini itirməyib, daha da kökəlirlər. Xəstələr başı əyməyin çətin olmasndan, boğuntudan və udqunmanın çətinliyindən şikayət edirlər.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz