Qalxanabənzər vəzinin palpasiyası necə aparılmalıdır?
Qalxanabənzər vəzini palpasiya etməklə, onun konsistensiyasını müəyyən etmək olur. Bu zaman həkim xəstənin önündə ya arxasında dayanıb, bir əlilə və ya hər iki əlilə onu müayinə edir. Həkim arxada durub yoxlama apardığı zaman xəstənin oturması yaxşı olar.
Bu vəziyyətdə həkim barmaqları və ovuclarını boyunun yan tərəflərinə və öndə qalxanabənzər vəzinin üzərinə qoyur, hər iki əlin baş barmaqları isə ənsə üzərində qalır və vəz döş-körpücük-məməyəbənzər əzələnin altından irəliyə itələnir.
Qalxanabənzər vəzinin xəstəliklərində xəstənin davranışı diqqətlə öyrənilməlidir. Adətən tireotoksikoz xəstəsi narahat və vurnuxan olurlar, yerli-yersiz əl-qol atmaqla, çox kəskin danışır, üzlərində ürkü ifadəsi, üzün mimikası canlı olur.
Bunun əksinə olaraq, hipotireozlu xəstələr ləng və az hərəkət edən olur, üzləri şişkin, mimikasız, sanki donuq olur. Belə xəstələrin səsi çox vaxt kobudlaşmış, xırıltılı və ya hətta pıçıltılı (alçaq) olması ilə fərqlənir. Qalxanabənzər vəzinin xəstəliklərində dəridə baş verən dəyişikliklərə də fikir verilməlidir.
Bezi xəstələrdə dərinin temperaturu və rəngi dəyişir (qızartı və avazıma qeyd olunur, dəri nəm olur, üzərində vegetativ reaksiyalar – eritemalar, qırmızı dermoqrafizm qeyd edilir). Tireotoksikoz zamanı temperatur yüksəldiyi halda, hipotireoz azalır.
Xüsusilə xəstənin keçmişdə və ya hazırda yaşadığı məntəqənin coğrafi vəziyyəti (endemik ur zamanı yüksək dağlıq və ya dağ-ətəri rayonlar), sporadik ur endemiyasının və ya tək-tək adamlarda ur ilə xəstələnmənin olub-olmaması aydınlaşdırılmalıdır.
Habelə iş yerində və ya ailədə münaqişəli situasiyaların, yaşayış çətinliklərinin (işin gərgin və məsuliyyətli olmasının) da qalxanabənzər vəzi xəstəlikləri üçün etioloji amil olması mümkündür.
Xəstənin keçmiş zamanlarda keçirdiyi somatik xəstəliklər haqqında məlumatlərın toplanması o cəhətdən əhəmiyyətlidir ki, bunlar güclü və uzun müddət qorxu, şübhə, ümidsizlik doğura bilir ki, bu da özlüyündə ağır xəstəliklərə, ilk növbədə xərçəng xəstəliyinə keçə biləcəyi cəhətdən şübhə oyatmaqla, xəstələrdə psixik travmanın törədilməsinə səbəb olur və beləliklə, tireotoksikozun inkişaf etməsinə gətirib çıxarır.
Xəstənin ailə anamnezinə xüsusi diqqət yetirilməlidir – onun ailə üzvləri (valideyni, bacı və qardaşları) arasında qalxanabənzər vəzi xəstəlikləri olub-olmaması soruşulmalıdır.
Ümumiyyətlə, qalxanabənzər vəzinin və ya onun ayrı-ayrı hissələrinin barmaqların ucları ilə yoxlamaq lazım deyildir, belə olduqda həkim səhv qərarlara gələ bilər. Vəzinin bütünlükdə, boyunla bərabər, həm də dövrələmə hərəkətlərlə (əlləri onun ətrafında hərləmək yolu ilə) yoxlamaq lazımdır. Beləliklə, vəzinin vəziyyəti, ölçüləri, konsistensiyası və hərəkətli olub-olmamasını müəyyən etmək olar.
Onu da nəzərə almaq lazımdır ki, bəzən qalxanabənzər vəzi özünü qeyri-adi yerlərdə göstərə bilər. Məsələn, boyunun yan tərəflərində, dilin kökündə, köks sümüyü arxasında, köks boşluğunda və s.
Bəzən inkişaf prosesi müddətində qalxanabənzər vəzi adi yerindən qismən və ya bütünlüyü ilə aşağı enib, döş sümüyü arxasında yerləşə bilər. Bunu bilmək üçün döş sümüyünün yuxarı hissəsi və ya körpücük sümüklərinin medial uclarında perkussiya icra etmək lazımdır. Əgər kütləşmə eşidilirsə, bu vəzinin enmiş vəziyyətdə olduğunu göstərəcəkdir.
Vəzinin ölçülərini USM köməyi ilə müəyyən edirlər. Keçmişdə qalxanabənzər vəzinin böyümə dərəcəsini aşağı sxemə əsasən müəyyən edirdilər:
- 0 dərəcə – qalxanabənzər vəzi əllənmir (böyüməmişdir).
- I dərəcə – vəzinin boğazı böyümüşdür, yaxşı palpasiya olunur və udqunma zamanı görünür.
- II dərəcə – vəzinin yan payları və boğazı həm palpasiya ilə, həm də udqunma zamanı müəyyən edilir.
- III dərəcə – vəzi boyunun ön şöbələrini dolduraraq, onun konturlarını hamarlaşdırır (“boynu yoğunluq”) və baxma zamanı görünür.
- IV dərəcə – vəzi boyunun formasını çox dəyişir və şiş kimi görünür.
- V dərəcə – bütün vəzi və ondan əmələ gəlmiş düyünlər çox böyük ölçülərə çatır, hətta boyundan aşağı sallana bilər.
Düyünlü ur zamanı qalxanabənzər vəzi müxtəlif dərəcədə – bir neçə qramlıq xırda düyünlərdən tutmuş 200-300 qrama çatan düyünlü törəmələr şəklində böyüyüb, palpasiya olunur, bəzi hallarda isə çəkisi hətta 2-3 kiloya çata bilər. Qalxanabənzər vəzinin palpasiyası mürəkkəb olsada, bir çox xəstəlikləri aşlarlamağa həkimlərə kömək edir. Şübhəli hallarda isə qalxanabənzər vəzi haqqında ətraflı məlumat almaq üçün xəstə USM-ə göndərilə bilər.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz