Qalxanabənzər vəzinin hormonları hansılardır?
Qalxanabənzər vəzinin hormonları bunlardır: tiroksin, triyodtironin və kalsitonin. Qalxanabənzər vəzinin daxili sekresiya fəaliyyətinin əsas məhsulları – tərkibinə yod daxil olan hormonlardır (tiroksin – T4 və triyodtironin – T4). Orta yaşlı insan qidanın tərkibində 1 gün ərzində 0,15 – 0,20 mq yod qəbul etməlidir.
Yod qalxanvari vəzidə yodidlər şəklində (KI, NaI) daxil olur. Yodidlər qanın tərkibindən qalxanabənzər vəziyə daxil olduqdan sonra oksidləşdirici fermentlərin (peroksidaza, sitoxromoksidaza) təsiri ilə sərbəst (molekulyar) yoda çevrilir.
Tiroksin və triyodtironin hormonları necə əmələ gəlir?
Sərbəst yod tirozin aminturşusu ilə reaksiyaya girib, monoyodtirozin və diyodtirozin əmələ gətirir. Sonra tirozinin yodlu birləşmələri kondensasiya reaksiyasına girərək, monoyodtironinə çevrilir. Onlar isə yenidən sərbəst yodla birləşib, triyodtironinə və tetrayodtironinə (tiroksinə) çevrilirlər.
Triyodtironin və tiroksin qalxanabənzər vəzinin folikullarında tireoqlobulin zülalının tərkibində (birləşmə şəklində) olur. Qanda tireoid hormonlarının qatılığı azaldıqda tireoqlobulin proteolitik fermentlərin təsiri ilə parçalanır, sərbəst hala keçən triyodtironin və tiroksin qana ifraz edilir.
Hipofizin tireotrop hormonu qanda olan yodun qalxanvari vəzi tərəfindən udulmasını, tireoid hormonlarının sintezini və sekresiyasını stimulə edir. Yodlu hormonlar qan plazmasının tərkibində də zülallarla ilə parçalanıb, triyodtireosirkə turşusuna çevrilirlər. Tiroksin və triyodtironin məhz triyodtireosirkə turşusuna çevrildikdan sonra fizioloji aktivliyə malik olur.
Qalxanabənzər vəzinin daha bir hormonu…
Qalxanabənzər vəzidə tireokalsitonin adlanan polipeptid təbiətli hormon da sintez edilir. Əvvəllər tireokalsitonini qalxanabənzər ətraf vəzilərinin hormonu hesab edirdilər. Lakin tədqiqatlar göstərmişdir ki, tireokalsitonin qalxanabənzər vəzinin şəffaf parafollikulyar epitel hüceyrələrində (C hüceyrələr) əmələ gəlir.
O, parathormonun antaqonistidir. Tireokalsitonin sümük toxumasında osteoklastların əmələ gəlməsini ləngidir və əmələ gəlmiş osteoklastları osteoblastlara çevirir. Onun təsiri ilə sümükləşmə prosesləri sürətlənir, qanda olan kalsium birləşmələri sürətlə sümük toxumasına çökür, kalsiumun sümük toxumasından rezorbsiyası ləngiyir və hipokalsiemiya yaranır.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz