Qalxanabənzər vəzinin hipofunksiyası – hipotireoz
Hipotireoz tireoid hormonları çatışmazlığı ya vəzinin zədələnmə və xəstəlikləri ilə (periferik hipotireoz), ya da tireotrop hormonun hiposekresiyası ilə (mərkəzi hipotireoz) əlaqədar ola bilər. Adətən, vəzinin xəstəlikləri ilə əlaqədar olan periferik (bə ya birincili) hipotireoz daha ağır keçir.
Periferik hipotireozların səbəbləri müxtəlifdir. Onun bəzi formaları irsən nəsildən-nəslə verilir. Bəzən hipotireoz yatrogen yolla – strumektomiya zamanı vəzinin bütünlüklə çıxarılması nəticəsində yaranır. Bundan başqa, autoimmun tireoiditlər və endemik ur xəstəliyi də hipotireozla müşayiət olunur.
Hipotireozun irsi formaları (anadangəlmə hipotireoz) çox ağır klinik əlamətlərlə (kretinizm) keçir. Onlar çox vaxt qalxanabənzər vəzi hormonlarının sintezində iştirak edən fermentlərdən birinin irsi çatışmazlığı nəticəsində əmələ gəlirlər. Bəzi hallarda isə qalxanabənzər vəzinin fəaliyyəti normal olur, lakin toxumaların tireoid hormonlarına qarşı həssaslığı azalır.
Autoimmun tireoiditlər qrupuna qalxanabənzər vəzinin bir neçə xəstəliyi aiddir. Onlardan nisbətən geniş yayılanı Haşimoto xəstəliyidir (limfositar tireoidit). Güman edildiyinə görə, bu xəstəlik qalxanabənzər vəzinin infeksion amillərinin təsiri ilə zədələnməsi nəticəsində inkişaf edir.
Zədələnmə dövründə qana qalxanabənzər vəzi follikullarının zülalları (xüsusən tireoqlobulin) keçir. Orqanizmdə həmin zülalların əleyhinə təsir göstərən autoantitellər əmələ gəlir və onlar qalxanabənzər vəzidə allergik xarakterli iltihab törədirlər. Bəzən xəstəliyin əvvəlində vəzinin fəaliyyəti arta bilər, lakin sonralar vəzinin funksiyası zəifləyir və hipotireoz əlamətləri əmələ gəlir.
Endemik ur xəstəliyi hipotireozun xüsusi formasıdır. Bu xəstəlik ərzaq məhsullarının tərkibində yod birləşmələrinin azalması nəticəsində inkişaf edir. Xəstəliyə torpağında və şirin su hövzələrində yodun miqdarı az olan coğrafi zonaların əhalisi arasında təsadüf edilir.
Xəstəliyin inkişafında yodun bağırsaqlardan zəif sorulması ilə əlaqədar olan endogen yod çatışmazlıgının da rolu vardır. Adətən endemik ur xəstəliyi zəif sürətlə inkişaf edir və qalxanabənzər vəzi hormonlarının miqdarının kritik hüdudlara qədər azalması ilə müşayiət olunur.
Buna görə endemik ur xəstəliyində hipotireoz əlamətləri nisbətən yüngül olur. Xəstəliyin əsas əlaməti – qalxanabənzər vəzinin hipertrofiyasıdır. Orqanizm kafayət qədər yod almadıqda tireoid hormonlarının sekresiyası azalır. Bu, əks-əlaqə mexanizmi üzrə hipofizdə tireotrop hormonun sekresiyasını artırır.
Tireorop hormonun artıq miqdarının təsiri nəticəsində qalxanabənzər vəzi hiperplaziyaya uğrayır. Hiperplaziyaya uğramiş qalxanabənzər vəzi qanda olan yodun nisbətən çox hissəsini mənimsəyə bilir. Bununla yod çatışmazlığının yüngül formaları kompensasiya edilir (bəzən isə hətta normadan artıq hormon sintez edilir).
Lakin yod çatışmazlığı davam etdikdə vəzinin kompensator böyüməsi də orqanizmin kifayət qədər tireoid hormonları ilə təmin olunmasına imkan yarada bilmir. Nəticədə hipotireoz əlamətləri meydana çıxır. Bu xəstəliyin qarşısını almaq üçün xörək duzunun tərkibinə yod birləşmələri qatılır.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz