Hipotireoz barədə nə bilirsiniz?

Hipotireoz tireoid vəzinin hormonlarının hiposekresiyası və ya tam çatışmazlığı nəticəsində baş verir. Çox vaxt hipotireoz 30 yaşdan yuxarı qadınlarda rast gəlir. Tireoid hormonlarının biosintezində təsadüf edilən genetik defektlər nəticəsində irsi olaraq tireoid hormonların defisiti meydana çıxır.

hipotireoz nədir?

Autoimmun proseslər də vəzin hipoplaziyasına və hipofunksiyasına səbəb ola bilər. Bundan başqa hipotireoz operativ müdaxilədən sonra, radioaktiv yodla müalicədən sonra baş verə bilər. Lazımi miqdarda orqanizmə yod daxil olmadıqda endemik ur və onunla bağlı hipotireoz inkişaf edə bilər.

Bəzi nadir hallarda vərəm, sifilis və qalxanabənzər vəzin xərçəng xəstəliyi hipotireozun inkişaf etməsinə səbəb ola bilər. Morfoloji olaraq vəzidə birləşdirici toxumanın artması və parenximanın atrofiyası qeyd edilir.

Hipotireozun simptomları…

Hipotireoz adətən tədricən inkişaf edir. Apatiya, adinamiya, soyuqdan qorxma, yavaşama, yaddaşın zəifliyi, qəbizlik, üzdə şişkinlik, sarı-solğun rəng, maskavari mimika, göz qapaqlarının şişkinliyi, əl və ayaqlarda şişkinlik səciyyəvidir.

Şişkinlik barmaq yeri vermir. Dəri qalınlaşır, kobudlaşır, quruyur, soyuyur, kəpəklənir, sarı-solğun rəngə çalır. Ürək tonları kütləşir, zirvədə sistolik küy eşidilir. Arterial qan təzyiqi düşür, nəbz təzyiqi azalır.

Qanın dəqiqəlik həcmi, sirkulyasiya edən qanın həcmi, qanın hərəkət sürəti azalır. Miokardda interstisial ödema, hipokaliemiya, EKQ-də bradikardiya, T və R dişciklərin alçalması, ST-nin izoxətdən düşməsi, PQ intervalın uzanması qeyd edilir.

Makroqlossiya, qəbizlik, meteorizm, parodontoz, kariyes, axlorhidriya meydana çıxır. Mərkəzi sinir sistemi tərəfindən daimi yuxululuq, intellektin zəiflənməsi, apatiya, psixoz əlamətləri aşkara çıxır. Radikulit, miopatiya, polinevritlər xəstəliyin ağırlaşdığını göstərir. Hipotireoz zamanı böyrəküstü vəzin və cinsi vəzilərin  hipofunksiyası qeyd oluna bilər.

Hipotireoid koma

Hipotireoz sindromun təhlükəli ağırlaşmalarından biri hipotireoid komadır. Bu hal tədricən, damar çatışmazlığı əlamətləri ilə başlanır. Arterial qan təzyiqi düşür, bradikardiya güclənir, bədən temperaturu 35-34 dərəcədən aşağı düşür.

Tənəffüs zəifləyir, oliquriya, anuriya, asidoz inkişaf edir. Qanda ciddi hiperxolesterinemiya tapılır. Hipoqlikemiya, hipoxloremiya, hiperkaliemiya proqnozu ağırlaşdırır. Anemiya (B12 defisiti) pernisioz xarakter daşıyır. Bundan başqa dəmir çatışmazlığı nəticəsində yaranmış anemiya meydana çıxa bilər. EÇS-nin miqdarı artır. Qalxanvari vəzin hormonları təyin edilmir.

Oxuyucuların şərhləri (2)

  • Tohid Memedov
    25.01.2017 - 22:59

    Salam həkim!Sadaladıqınız xəstəlik halında necə və hansı qida məhsullarindan istifadə oiunması haqqında məlumat verməyinizi xahiş edirəm.

    • Ayna Süleymanova
      27.01.2017 - 18:33

      Salam. Qidalanmanın planlaşdırılması hipotireoza gətirib çıxaran səbəbdən asılı ola bilər. Hipotireoz ayrıca bir xəstəlik hesab olunmur, bu qalxanvari vəzin hansısa bir patologiyası nəticəsində yaranan bir sindromdur. Hətta bəzi dərman preparatlarının uzunmüddətli qəbulu hipotireoza səbəb ola bilər, bunu unutmayaq.

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir