Hiperprolaktinemiya nədir?
Hiperprolaktinemiya – müxtəlif səbəblərdən qanda prolaktinin miqdarının artması ilə müşahidə olunan endokrin sindromdur. Hiperprolaktinemiya bugünkü gündə qadın və kişi sonsuzluğunun əsas səbəblərindən biridir.
Qanda prolaktin hormonunun normadan artıq olması həm başqa patologiyaların simptomu kimi özünü biruzə verə bilər, həm də müstəqil nozoloji vahid olaraq aşkarlana bilər. Əksər hallarda hiperprolaktinemik hipoqonadizmin yaranması hipofizin mutasiya nəticəsində birincili zədələnməsi ilə əlaqədardır.
Əgər hipofiz vəzində hər hansı bir patologiya aşkarlanmırsa, hiperprolaktinemiyanın səbəbi başqa orqan və sistemlərin disfunksiyası ilə bağlıdır. Bəzi nadir hallarda isə hiperprolaktinemiyanın səbəbi endokrinoloqlara və pasiyentlərə naməlum qalır.
Adətən hiperprolaktinemiya beyində yerləşən hipotalamusla hipofiz arasında olan əlaqənin pozulması nəticəsində yaranır. Bu hipotalamusda dopaminin ifrazını pozur. Dopamin prolaktinin sintezini azaltmaqda böyük rol oynayır.
Hiperprolaktinemiya özünü necə biruzə verir?
Hiperprolaktinemiyanın simptomları müxtəlifdir. Bəzi hallarda hiperprolaktinemiyası olan xəstələrin heç bir şikayəti olmur. Ən çox rast gəlinən simptomlar bunlardır:
- Sonsuzluq. Bəzən belə xanımlarda ginekoloji baxış zamanı uşağlığın inkişafdan qalması müşahidə olunur.
- Menstrual tsiklin pozulması/menstruasiyanın tam kəsilməsi.
- Libidonun zəifləməsi.
- Hipoestrogeniya nəticəsində yaranmıs vaginanın selikli qişasının quruluğu.
- Ereksiyanın zəifləməsi. Bu simptom kişilərdə rast gəlinən hiperprolaktinemiyanın ən əsas simptomlarından biridir. Bundan başqa hiperprolaktinemiyalı kişilərdə ginekomastiya (süd vəzilərin böyüməsi) və oliqospermiya yarana bilər.
- Qalaktoreya – qadınlarda süd vəzilərinin hər ikisindən və ya yalnız birindən südə oxşar mayenin və ya südün gəlməsi adlandırılır.
- Çəkinin artması.
- Depressiya.
- Baş ağrıları və kranial sinirlərin iflici (hipofizdə şiş olduğu halda).
Hiperprolaktinemiyanın diaqnostikası
Hiperprolaktinemiyanı aşkarlamaq üçün qanın hormonal müayinəsi aparılmalıdır. Onu da qeyd edim ki, qanda prolaktinin qısa müddətli artması hiperprolaktinemiya sindromu diaqnozunu qoymaq üçün yetərli deyil. Hiperprolaktinemik hipoqonadizmin simptomatik hallarını istisna etmək üçün (yumurtalıqların polikistoz sindromu, qaraciyər çatışmazlığı və s.) pasiyenti hərtərəfli müayinə etmək vacibdir.
Hipofiz nahiyəsini vizualizə etmək üçün maqnit-rezonans tomoqrafiyaya (MRT) ehtiyac yarana bilər. Müalicə həkimi hər zaman hiperprolaktinemik hipoqonadizm sindromunu fizioloji qalaktoreyadan, hipofizin onkoloji şişlərindən və adenomasından differensiasiya etməyi bacarmalıdır.
Hiperprolaktinemiyanın müalicəsi haqqında
Prolaktinin sintezini azaltmaq üçün dofaminin aqonistlərindən istifadə olunur (bromokriptin və s.). Bu qrup preparatlar qanda prolaktinin miqdarının azalması ilə birgə həqiqi prolaktinomalarının ölçülərinə də təsir göstərirlər.
Əgər hiperprolaktinemiyanın müalicəsi zamanı qadında hamiləlik baş tutarsa, dofaminomimetiklərin qəbulu dayandırılır. Hipoestrogenemiya olduğu halda estrogenlərin sintetik preparatları ilə əvəzedici hormonal müalicə aparılır. Hipofizdə makroadenoması aşkarlanan pasiyentlər mütləq cərrahi müdaxiləyə cəlb olunmalıdırlar.
Hireprolaktinemiya aşkarlandığı halda mütləq həkim-endokrinoloqa müraciət etmək lazımdır.
Salam hekim.menim dosumde kista var her iksinde bir heftedi mualiceye baslanilib. Mastapatiya diaqnozu qoyulub.hekimim pralaktin analizine gonderdi 490.80.ne kimi ziyani var?