Haşimoto tireoiditi nədir?
Autoimmun tireoidit (Haşimoto tireoiditi, Haşimoto zobu və ya Haşimoto xəstəliyi) – qalxanvari vəzinin xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyinə görə onun adını daşıyır. Haşimoto tireoiditi olan xəstələrdə hormonal yetməzlik (hipotireoz mərhələ) yarandığı halda endokrinoloq tərəfindən ömürlük əvəzedici hormonal müalicə təyin olunur. Xəstəlik daha çox qadınlarda rast gəlinir.
Haşimoto zamanı nə baş verir?
Bu xəstəlik zamanı orqanizm qalxanvari vəzini yad cism kimi qəbul edir, və ona qarşı anticismlər (antitel, antikor) yaranır. Antikorlar vəzin hüceyrələrini (tireositləri) məhv etməyə çalışır. Məhz bu səbəbdən zaman keçdikcə qalxanvari vəz hormonları sintez edən tireositlərin sayı azalır, və xəstədə hormonal çatışmazlıq yaranır.
Haşimoto tireoiditinin əlamətləri
Xəstəliyin 2 forması mövcuddur:
- Hipertrofik.
- Atrofik.
Hipertrofik forma zamanı vəzin ölçülərində böyümə müşahidə olunur. Vəz həddindən artıq böyük olarsa xəstədə boğulmalar, ətraf orqanları kompressiya (sıxma) simptomları, səs tellərin qıcıqlanması müşahidə oluna bilər. Atrofik forma Haşimoto tireoiditi olan xəstələrdə vəz atrofiyaya uğrayır, bunun nəticəsində tez bir zamanda hormonal çatışmazlıq yaranır.
Bundan başqa xəstəliyin gedişatında 3 mərhələ bir birini əvəz edə bilər:
- Tireotoksik mərhələ. Adətən qısa müddətli olur. Autoimmun hücum nətiəsində vəzin toxuması parçalanır və qana çoxlu miqdarda tiroid hormonları buraxılır. Bu zaman xəstədə taxikardiya, arterial təzyiqin yüksəlməsi, tərləmə, arıqlama, tremor müşahidə oluna bilər.
- Eitireoz mərhələsi. Vəzin funksional aktivliyi norma daxilində olur. Bu faza uzun müddət davam edə bilər.
- Hipotireoz mərhələsi. Haşomoto tireoiditinin son mərhələsi hormonal çatışmazlıq, yəni hipotireoz mərhələsidir. Tiroid hormonlar ifraz edən vəzin hüceyrələrinin müəyyən faizi məhv olma nəticəsində hipotireoz əlamətləri yaranır. Bu mərhələdə xəstələr ümumi zəiflikdən, tez yorulmadan, saçların tökülməsindən, dəri quruluğundan, qəbizlikdən, kökəlmədən şikayət edə bilərlər.
Autoimmun tireoiditin diaqnostikası
Haşimoto tireoiditi diaqnozu həkim-endokrinoloq tərəfindən qoyulur. Bunun üçün qanda anti-TPO, anti-TQ, TSH, tiroid hormonları baxılmalı, qalxanvari vəzinin ultrasəs müayinəsi aparılmalıdır. Ultrasəs müayinə zamanı belə pasiyentlərdə vəzin exostrukturunda müəyyən dəyişikliklər, psevdonodullar (yalançı düyünlər) aşkarlana bilər. Əksər xəstələrdə haşimoto tireoiditin diaqnozu hipotireoz mərhələsində qoyulur.
Bu xəstəliyin müalicəsi varmı?
Haşimoto tireoiditi autoimmun mənşəli xəstəlik olduğuna görə, təəssüf ki, bu günkü günümüzdə tam sağalmas mümkün deyil. Bu xəstələrə yalnız hipotireoz yarandığı halda əvəzedici hormonal müalicə təyin olunur. Levotiroksin preparatının adekvat dozası təyin olunana kimi xəstə müəyyən intervallarla endokrinoloq yanında kontroldan keçməlidir.
Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz