Endokrin sistem və dəridə olan dəyişikliklər

Dəridə olan bir çox problemlərdə müxtəlif endokrin vəziləri günahlandırılır. Lakin dəridəki dəyişikliklər sırf dermatoloji problem ola bilər, və endokrin səbəbi olmaya da bilər. Bəs hansı endokrin xəstəliklər zamanı dəridə dəyişikliklər yaranır?..

endokrin sistem və dəri problemləri

Dəridə olan dəyişikliklər və onların endokrin vəzilərlə əlaqəsi

Demək olar ki, əksər endokrin xəstəliklərdə biz dəridə olan dəyişikliklərlə rastlaşırıq. Lakin bu zaman dəridə olan əlamətlər qeyri spesifik xarakter daşayır, və biz onu əsas götürüb diaqnoz qoymuruq. Sadəcə dəri əlamətləri hər hansı bir pataloji prosesin olmasına işarə edir.

Dəridə olan dəyişikliklər ən çox aşağıdakı endokrin patologiyalarda rast gəlinir:

  1. böyrəküstü vəzin xəstəliklərində;
  2. şəkərli diabet;
  3. bəzi qalxanvari vəzi patalogiyalarında;
  4. piylənmə;
  5. cinsi vəzi funksiyası pozğunluqlarında.

Dəri dəyişiklikləri özünü necə göstərir?

Toxumanın innervesiya və trofikasının pozulması, kollagen sintezinin pozulması, piqmentasiyanın pozulmasi, akne, dərinin ifrazat funksiyasının pozulmasi. Əksər hallarda dırnaq və saç böyüməsində olan dəyişikliklərlə özünü göstərir.

Dəridəki dəyişikliklər ya birbaşa hormon molekulunun dəri üzərindəki reseptorla elaqəsi zamanı yaranır, ya da hormonal dəyişiklik zamanı bədəndə gedən patoloji dəyişikliklərlə əlaqədardır.

Böyrəküstü vəzin xroniki çatışmamazlığı zamanı AKTH hormonunun artıq ifrazı melanatrop hormonun sekresiyasını aktivləşdirir, onun da dəriyə birbaşa təsiri nəticəsində dəridə piqmentasiyanın artması müşahidə olunur. Bu hormonun dəri reseptoruna birbaşa təsiri ilə əlaqədar dəridə yaranan dəyişiklikdir.

Kuşinq xəstəliyində isə artıq kortizol ifrazı kollagen sintezini dəf edir. Nəticədə dəri elastikliyini itirir, dəridə dartılmalar (striyalar) yaranır. Bu da Kuşinq xəstəliyi diaqnozunda bir müsbət əlamət rolunu oynayır.

Hipotireozda ən çox rast gəlinən şikayətlər dəri quruluğu, solğunluğu, dəri turqorunun enməsi, saç tökülməsi və dırnaq qırılmasıdır. Bu da dərinin trofikasının azalması və kollagen sintezinin zəifləməsi ilə əlaqədardir.

Qadınlarda cinsi orqan funksiyası dəyişiklikləri androgenlərin artıq ifrazı ilə müşahidə olunduqda dəridə aknelər, artıq yağlılıq müşahidə olunur. Bu zaman androgen asılı zonalarda tüklənmə də müşahidə olunur.

Mən bəzi endokrin vəzilərdə olan dəri dəyişikliklərini yuxarıda nəzərə çatdırdım. Lakin bu dəyişiklər endokrin səbəblərlə bağlı olmaya da bilər. Məsələn saç tökülmələri mədə-bağırsaq traktının bəzi xəstəliklərində də rast gəlinə bilər. Bu zaman Fe (dəmir) kifayət qədər orqanizm tərəfindən mənimsənilmir.

Buna görə də endokrin xəstəliklər zamanı dəridə və onun törəmələrində dəyişikliklərin olması hər dəridəki dəyişikliyin endokrin mənşəli olmasını düşünməyə əsas vermir.

Məqalənin müəllifi: Leyla Sevdimaliyeva

Hal-hazırda heç bir şərh yoxdur, Siz birinci ola bilərsiniz

Şərh əlavə etmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir